Saatlı Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayon üzrə Mədəniyyət sektorunun birgə təşkilatçılığı ilə Saatlı Dövlət Rəsm Qalereyasında “Sülh aylığı” çərçivəsində əl işlərindən ibarət sərgi keçirilib.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin əməkdaşı Mirəli Məmmədov “Sülh aylığı”nın əhəmiyyətindən danışaraq, sülhün və əmin-amanlığın cəmiyyətin inkişafında mühüm rol oynadığını, sülh dəyərlərinin təbliğində mədəniyyət və incəsənət tədbirlərinin xüsusi əhəmiyyət daşıdığını, eyni zamanda, bu cür tədbirlərin insanların sülh və həmrəylik ideyaları ətrafında birləşməsinə, qarşılıqlı hörmət və anlaşma mühitinin gücləndirilməsinə xidmət etdiyini, “Sülh aylığı” çərçivəsində müxtəlif istiqamətlərdə tədbirlərin keçirilməsinin sülh mədəniyyətinin təbliğinə və bu dəyərlərin cəmiyyətdə daha geniş təşviqinə töhfə verdiyini vurğulayıb.
Daha sonra Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürayyə Zeynalova çıxış edərək sərgidə təqdim olunan əl işlərinin insanların sülh, birlik və qarşılıqlı hörmətə dair düşüncələrini özünəməxsus şəkildə ifadə etdiyini, bu kimi yaradıcılıq nümunələrinin nümayişinin mədəni dəyərlərin təbliği və ictimaiyyətin incəsənətə marağının artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Çıxışlardan sonra sərgiyə baxış keçirilib və sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.