İclasda rayonun kənd təsərrüfatının inkişaf perspektivləri və qarşıda duran əsas vəzifələr geniş müzakirə olunub.
İclası giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı E.M.Bağırov aqrar sahənin rayon iqtisadiyyatında mühüm rol oynadığını vurğulayaraq, kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran prioritet məsələlərdən danışıb.
E.M.Bağırov çıxışında bildirib ki, Saatlı rayonu 2025-ci ildə pambıq istehsalına görə respublika üzrə birinci yerə yüksələrək böyük uğura imza atıb. Qeyd olunub ki, ötən il rayonun pambıqçıları hər hektardan 36,2 sentner olmaqla 45733,4 ton pambıq tədarük etmişdir ki, bu da pambıqçılıq sahəsində görülən məqsədyönlü işlərin və fermer əməyinin nəticəsidir. Rayon rəhbəri pambıqçılığın inkişafının məşğulluğun artırılması və rayon iqtisadiyyatının güclənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
E.M.Bağırov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyətinə də toxunub. Bildirilib ki, Dövlət Proqramı kənd təsərrüfatı sahəsində rəqabət qabiliyyətliliyin artırılması, müasir texnologiyaların tətbiqi, emal sənayesinin inkişafı və ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ağa Əsədov çıxış edərək rayonda kənd təsərrüfatı məhsullarının əkini və istehsalı sahəsində görülən işlər barədə məlumat verib. O, xüsusilə pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və digər strateji sahələr üzrə əkin prosesinin təşkili, məhsuldarlığın artırılması, mineral gübrələrdən düzgün istifadə, suvarma imkanlarının genişləndirilməsi və fermerlərin dövlət dəstəyi mexanizmlərindən istifadəsi məsələlərinə toxunub.
Saatlı Aqroservis bölməsinin rəhbəri Elgün Qəhrəmanov isə fermerlərə göstərilən texniki dəstək xidmətləri, kənd təsərrüfatı texnikalarının mövsümə hazırlığı, əkin və biçin proseslərində texniki təminatın təşkili, həmçinin aqroservis xidmətlərinin operativ şəkildə həyata keçirilməsi barədə çıxış edib.
Çıxışlar zamanı “Prime Cotton” MMC-nin Saatlı rayon filialının direktoru Çingiz Gözəlov, “AQRO-Az” MMC-nin Saatlı rayon filialının direktoru Yaşar Hüseynov, “Azərpambıq” ASK-nın Saatlı rayon filialının direktoru İrşad Abbasov və “P-Aqro” MMC-nin Saatlı rayon filialının direktoru Gündüz Abdullayev rayon üzrə pambıq istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi və mövcud çətinliklərin aradan qaldırılması istiqamətində təkliflərini səsləndiriblər.
İclasın sonunda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələrin icrası istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.