Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Əbil kəndinin sakinləri ilə görüşüb.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlayıb, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verib.
Rayon icra hakimiyyətinin başçısı səyyar qəbul zamanı xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasının təmin olunması məqsədilə yaradılmış "Rəqəmsal İcra Hakimiyyəti" portalı haqqında məlumat verib və kənd sakinlərinə portaldan istifadə qaydasını izah edib. Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib, bəzi məsələlər yerindəcə öz həllini tapıb. Həlli vaxt tələb edən məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülüb.