Cəmiyyət

Saatlı rayonunda “15 İyun - Milli Qurtuluş Günü” ilə bağlı tədbir keçirilib

Saatlı rayonunda “15 İyun - Milli Qurtuluş Günü” ilə bağlı tədbir keçirilib

YAP Saatlı rayon təşkilatının inzibati binasında Saatlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə “15 İyun - Milli Qurtuluş Günü” ilə bağlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. İyunun 15-də Azərbaycan Respublikası Ali Məclisinin sədri seçilən Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır.” Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək, 15 iyun Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin həyatında ciddi dönüş yaradan, şanlı tariximizdə dərin iz buraxan əhəmiyyətli ictimai-siyasi hadisədir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımızın yaşadığı o ağrılı-acılı günlər, düşdüyü o acınacaqlı durum hakimiyyətə ölkədə və dünyada baş verən siyasi prosesləri təhlil etmək və nəticə çıxarmaq, həmçinin cəsarətli addımlar atmaq qabiliyyətində, cəsarətində olan peşəkar qüvvələrin gəlməsini zəruri edirdi. Ölkəmizin sayılıb-seçilən ziyalıları, ictimai-siyasi xadimləri Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək müstəqil Azərbaycan dövlətinin məhv olmasına, parçalanmasına imkan vermədilər. Ümummilli lider Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.

Tədbirdə YAP Saatlı rayon təşkilatının sabiq sədri, Partiya veteranı Lütvəli Şıxəliyev, Partiya veteranı, “Azərbaycan Fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov və Saatlı rayonu üzrə Mərkəzləşdirilmiş Kitabxana sisteminin baş kitabxanaçısı Gülnarə Fərəcova çıxışlarında bildiriblər ki, Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.

Tədbirin sonunda partiya sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.