
Saatlı Rayon Mədəniyyət Mərkəzində “15 İyun-Milli Qurtuluş Günü” münasibətilə “Milli Qurtuluş-tarixin dönüş nöqtəsi” adlı tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, ziyalılar, ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb. Rayon Mədəniyyət Mərkəzində rəsmi hissə ilə davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilib. Açılış nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov 15 iyun tarixinin Azərbaycan xalqının müasir tarixində dönüş nöqtəsi olan və dövlətçiliyimizin xilas günü kimi qeyd edilən Milli Qurtuluş Günü olduğunu, həmin gün Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə baş alıb gedən xaos, vətəndaş qarşıdurması və siyasi anarxiyanın qarşısının alındığını bildirib. O, qeyd edib ki, 1991-ci ildə müstəqilliyini yenicə bərpa edən Azərbaycan ciddi daxili və xarici təhlükələrlə üz-üzə qalmış, hökumətin səriştəsizliyi, orduya nəzarətsizlik və Dağlıq Qarabağda gedən müharibə vəziyyəti daha da ağırlaşdırmışdı. Belə bir xaotik vəziyyətdə xalq çıxış yolunu məhz təcrübəli və güclü liderin - Heydər Əliyevin hakimiyyətə qaydışında gördü. Elmir Bağırov, həmçinin vurğulayıb ki, Milli Qurtuluş Günü yalnız siyasi sabitliyin bərpa olunması deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ordu quruculuğunun inkişafı, beynəlxalq aləmdə ölkənin nüfuzunun artması yolunda atılan ilk mühüm addım kimi tarixə düşüb.
Daha sonra çıxış edən Dədə Qorqud kənd tam orta ümumtəhsil məktəbinin direktoru Əhmədağa Əliyev, YAP veteranı Nəsir Ağayev, S.Vurğun adına 1 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Aynur Abdullayeva dövlətimizin və xalqımızın taleyində dönüş nöqtəsi olan 15 iyun tarixinin əhəmiyyətindən danışaraq, Ulu Öndərin hakimiyyətə qayıtmasını və ölkəni dərin siyasi böhrandan, dağılmaq təhlükəsindən xilas etdiyini qeyd ediblər. Xalqın təkidlə yeganə ümid yeri olan Heydər Əliyevin hakimiyyətə gəlməsini istədiyini və Ulu Öndərin də bu çağırışlara səssiz qalmayaraq Bakıya gəlməsini dövlətçilimizin və xalqımızın xilası üçün əvəzedilməz olduğunu bildiriblər. Onlar, həmçinin vurğulayıb ki, 15 İyun-Milli Qurtuluş Günü, eyni zamanda Heydər Əliyevin xilaskarlıq simvoludur və həmin gün xalqın öz liderinə inamının, həmrəyliyinin və müstəqil dövlətə sahib çıxmasının rəmzidir.