Cəmiyyət

Saatlı rayonunda “20 Yanvar faciəsi”nin 35-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirildi

Saatlı rayonunda “20 Yanvar faciəsi”nin 35-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirildi

“20 Yanvar faciəsi”nin 35-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planına əsasən 20 yanvar 2025-ci il tarixdə “20 Yanvar - Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi” adlı ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə 20 Yanvar faciəsinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini yad etmək məqsədilə rayonun Şəhidlər Abidə-Xatirə Kompleksi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüş, şəhidlərin ruhlarına dualar oxunmuşdur.

Rayon İcra hakimiyyətinin inzibati binasında rəsmi hissə ilə davam edən tədbirdə giriş nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov 20 Yanvar faciəsinin Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını, həmin günün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirdiyini, birliyin və milli ləyaqət hissinin top-tüfəngə qalib gəldiyini qeyd edərək, yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyətinin açıqlandığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra çıxış edənlər - Saatlı Rayon Ə.Şüküroğlu adına Varxan kənd tam orta ümumtəhsil məktəbinin direktoru, rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, şəhid anası Zülfiyyə Səfərova, Qıraqlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru, şəhid bacısı Zülfiyyə Əzimova və S.Vurğun adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Aynur Abdullayeva öz çıxışlarında Azərbaycan tarixində 20 Yanvar və ondan əvvəl baş vermiş faciəli hadisələrin xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürü olduğunu, 20 Yanvar Gününün Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gün kimi yaddaşlara yazıldığını, dövlətimiz və xalqımızın bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirdiyini, onların ruhuna ehtiram göstərərək, xatirələrini hər zaman uca tutulduğunu qeyd etdilər.