Ümumi

Saatlı rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil olundu

Saatlı rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil olundu

Saatlı rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda rayon ziyalılarının, ağsaqqal və gənclərin iştirakı ilə dəyirmi masa təşkil olundu.

Tədbir müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.

Tədbiri giriş sözü ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov açaraq bu faciənin xalqımızın azadlıq ideyalarını boğmaq, müstəqillik meyillərini qırmaq məqsədi daşıdığını, ancaq keçmiş Sovet hökümətinin xalqımızın tarixini unutduğunu, tarix boyu yadelli işğallarına qarşı mübarizə aparan xalqımız kiminsə vassallığını, boyunduruğunu qəbul etmədiyini, 20 Yanvar Faciəsinin də xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, hətta bundan sonra xalqımızın mübarizə əzmini daha da alovlandığını qeyd etdi. Həmçinin xalqla yanaşı, Ulu Öndər Heydər Əliyevin mərdliyi və siyasi iradəsindən danışan Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildiyini, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyindi də öz çıxışında bildirdi.

Daha sonra dəyirmi masa ətrafında çıxışları davam etdirən Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev, Saatlı rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Azərbaycanda yaşayan Axıska Türkləri Vətən İctimai Birliyinin bölgə rəhbəri Mühiddin Xəlilov, Saatlı Rayon Təhsil Sektorunun müdiri Günay Sultanova, Varxan kənd tam orta məktəbinin direktoru Lətif Şimşəkov 20 Yanvar faciəsinin tarximizə qanlı və şanlı bir səhifə kimi yazıldığını, bu tarixin yeni müstəqillik tariximizin başlanğıc nöqtəsi olduğunu, xalqımızın iradəsi, dözümü, birliyi nəticəsində müstəqillik əldə etdiyimizi, Ulu Öndərin siyasi tariximizdə göstərdiyi xidmətlərindən, xalqımıza qarşı həyata keçirilən faciə və soyqrımlara siyasi və hüquqi qiymət verilməsində atdığı böyük addımlardan, bu gün Ulu Öndər siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin dəmir yumruq siyasətindən və ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətdən geniş şəkildə danışdılar.