Saatlı rayonunun "Şəhidlər" abidə xatirə kompleksində 27 sentyabr Anım Günü ilə əlaqədar "Qarabağ Azərbaycandır!" adlı ümumrayon tədbiri keçirilmişdir.
27 sentyabr Anım Günü ilə əlaqədar keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, YAP rayon təşkilatının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, qazilər və müharibə veteranları, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak edirdi. Tədbirdə vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndirildi, abidə önünə gül dəstələri qoyuldu.
Anım günündə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunduğunu bildirərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmışdır. Şanlı tariximizdən danışan rayon rəhbəri döyüşlərdə sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, vətən uğrunda canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bildirmişdir.
Həmçinin tədbirdə rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov çıxış edərək Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabr tarixində bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu işğal edilmiş ərazilərimizi düşməndən azad etdiyini qeyd edərək, 44 gün davam edən döyüşlərin Azərbaycan zəfər tarixinə yazıldığını bildirmişdir. "Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir" - deyə o, qeyd etdi.
Tədbirdə şəhid ailələri adından şəhid atası Qabil Nəciyev, rayon veteranlar cəmiyyətinin sədri, müharibə veteranı Əliağa Qurbanov, İkinci Qarabağ müharibəsi iştirakçısı Tapdıq Həsənov çıxış edərək, döyüşçülərimizin şücaətlərindən və tarixi qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Eyni zamanda tədbir bədii kompozisiya ilə davam etdi və daha sonra tədbir iştirakçıları tərəfindən şəhid abidə xatirə kompleksi önünə gül dəstələri qoyuldu.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olundu.