YAP Saatlı rayon təşkilatının inzibati binasında Saatlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov qadınları bu əlamətdar gün münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycan qadınları hər zaman cəmiyyətimizin inkişafında, dövlət quruculuğunda və milli dəyərlərimizin qorunmasında mühüm rol oynayıblar. E.Əzizov qeyd etdi ki, ölkəmizdə qadın hüquqlarının qorunması və qadınların ictimai həyatda fəal iştirakının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətin əsasını isə Ulu Öndər Heydər Əliyev qoymuş, bu gün isə həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxışında qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və dövlətimizin hərtərəfli inkişafına mühüm töhfələr vermişdir. Bu gün ölkəmizdə sabitlik, inkişaf və tərəqqi məhz həyata keçirilən düşünülmüş dövlət siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan dövləti dayanıqlı inkişaf yolunda inamla irəliləyir və ölkəmizin beynəlxalq nüfuzu getdikcə daha da möhkəmlənir.
Tədbirdə Şəhid anası Qabiliyyət Məmmədova, Dədə Qorqud kənd körpələr evi-uşaq bağçasının müdiri Gülayə Həsənova və Sarıcalar kənd tam orta məktəbin direktoru Xanım İsgəndərova çıxışlarında bildirdilər ki, Azərbaycan qadınları elm, təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə mühüm uğurlara imza atmış, dövlətimizin inkişafına öz töhfələrini vermişlər. Bu gün ölkəmizdə qadınların dövlət idarəçiliyində, parlamentdə, yerli özünüidarəetmə orqanlarında və müxtəlif ictimai təşkilatlarda fəal fəaliyyəti bunun bariz nümunəsidir.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən və fəal iştirak edən bir qrup qadına gül buketləri və hədiyyələr təqdim edilib.
Tədbirin sonunda kollektiv xatirə şəkli çəkildi.