Cəmiyyət

Saatlı rayonunda 8 mart - Beynəxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Saatlı rayonunda 8 mart - Beynəxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

YAP Saatlı rayon təşkilatının inzibati binasında Saatlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 mart - Beynəxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz tarixi bir faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini daim vacib məsələlərdən biri kimi qabardırdı. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mehriban xanım Əliyeva isə dövlət qadın hərəkatının aparıcı simasıdır, özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban xanım Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyəti əhatə edir.

Tədbirdə Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Saatlı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Sürayə Zeynalova və Qıraqlı kənd tam orta məktəbin direktoru Zülfiyyə Əzimova çıxışlarında bildirdilər ki, dövlətimizin sürətli inkişafı, onun potensialının ildən-ilə yüksəlməsində Azərbaycan qadınının əməyini xüsusilə vurğulamaq vacibdir. Müasir həyatımızda Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin, onun fəaliyyəti şaxələnməsin. Milli dövlət quruculuğunun ən müxtəlif sahələrində böyük xidmətlər göstərən qadınlarımız, eyni zamanda, ictimai-siyasi proseslərin fəal iştirakçılarıdır.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən və fəal iştirak edən bir qrup qadına gül buketi təqdim edilib.

Tədbirin sonunda kollektivlə xatirə şəkli çəkildi.