Cəmiyyət

Saatlı rayonunda "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş ümumrayon tədbiri keçirilib

Saatlı rayonunda

Noyabrın 8-də Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Ümumrayon tədbirinə Saatlı rayon Mədəniyyət Mərkəzində rəsmi hissə ilə start verilib. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, yerli hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri, idarə, müəssisə, təşkilat nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Bayram mərasimində çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov tədbir iştirakçılarını müasir dövlətçilik tariximizin qürurverici hadisəsi olan şanlı Zəfərin dördüncü ildönümü münasibətilə salamlamaqdan böyük məmnunluq duyduğunu bildirib. Xalqımızın 8 Noyabr - Zəfər Gününü böyük coşqu ilə qeyd etdiyini deyən E.Bağırov, eyni zamanda bu tarixi Qələbəmizin heç də asanlıqla qazanılmadığını, möhtəşəm Zəfərə gedən yolun olduqca çətin və keşməkeşli olduğunu bəyan edib. O, Azərbaycan Prezidenti ilham Əliyev tərəfindən bu hədəfə çatmaq üçün həm ölkə daxilində, həm də beynəlxalq miqyasda məqsədyönlü işlər görüldüyünü, Azərbaycanı böyük Zəfərə aparan yolun əsasının qoyulduğunu vurğulayıb: “Bu gün iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunmuşdur”.

İşğaldan azad edilmiş ərazilərimizin yenidən qurularaq abadlaşdırıldığını, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdaraq orada sülh, əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdıran Elmir Bağırov, Zəfər Günü münasibətilə tədbir iştirakçılarını bir daha təbrik edib və nitqini dövlət başçısından sitat gətirərək yekunlaşdırıb: “Bundan sonra Azərbycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Tədbirdə digər çıxış edənlər - YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Ziyalılar Cəmiyyətinin Saatlı rayon şöbəsinin sədri Lətif Şimşəkov, Vətən müharibəsi şəhidi Cavanşir Ağayevin bacısı Ürvət Ağayeva və III dərəcəli Vətən müharibəsi əlili Pərviz Əkbərov Vətən müharibəsində əldə edilən şanlı Qələbədən, hərbçilərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan danışıb, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir daha sonra bədii hissə - Heydər Əliyev meydanında düzənlənmiş konsert proqramı ilə davam edib. Yerli mədəniyyət işçilərinin ifasında səsləndirilən və vətənpərvərlik hissini aşılayan mahnılar, eləcə də “Adıgün” türk xalq folklor kollektivinin çıxışları Azərbaycan və Türkiyə bayraqları ilə meydana axışmış yüzlərlə rayon sakini tərəfindən xüsusi coşqu ilə qarşılanıb. Konsert proqramı Musa Zeynalovun ifasında “Zəfər manhnısı” və “Yaşasın Müzəffər Ali Baş Komandan!”, “Var olsun rəşadətli Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır” şüarlarının səsləndirilməsi ilə başa çatıb.

Sonda atəşfəşanlıq olub.