Cəmiyyət

Saatlı rayonunda “Ailə dəyərlərinin qorunması” mövzusunda tədbir keçirildi

Saatlı rayonunda “Ailə dəyərlərinin qorunması” mövzusunda tədbir keçirildi

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “15 May - Beynəlxalq Ailə Günü” münasibətilə “ailə dəyərlərinin qorunması” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və Mərkəzin əməkdaşları, gənclər və rayon ictimaiyyəti, qonaq qismində isə 40 ildən çox birgə ömür sürmüş Güloğlan İbrahimov və Aida İbrahimova iştirak edib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin əməkdaşı Tehranə Dadaşova və Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Firuzə Əliyeva ailənin hər bir cəmiyyətin mənəvi dayağı, milli və ümumbəşəri dəyərlərin qorunduğu müqəddəs ocaq olduğunu, sağlam ailə münasibətlərinin cəmiyyətin inkişafına, gənc nəslin düzgün formalaşmasına və milli-mənəvi dəyərlərin yaşadılmasına mühüm töhfə verdiyini vurğulayıblar. Onlar qeyd edib ki, bu gün dünyada baş verən sürətli sosial dəyişikliklər fonunda ailə institutunun qorunması və möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Güloğlan İbrahimov və Aida İbrahimova ailənin insanın ilk məktəbi, ilk dayağı və ən təhlükəsiz yeri olduğunu, insanın sevgini, hörməti, mərhəməti və paylaşmağı ilk dəfə ailədə öyrəndiyini qeyd edib. Onlar həmçinin bildirib ki, valideynlərin qayğısı, uşaqların sevgisi və ailə üzvlərinin bir-birinə dəstəyi həyatı daha gözəl edir, buna görə də hər birimiz ailəmizin qədrini bilməli, onlara sevgi və diqqət göstərməliyik.