2 Fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimai həyatında, təhsil, mədəniyyət və idman sahələrində fərqlənən bir qrup gənclə görüş keçirilib.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayon gənclərini təbrik edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd edilməyə başlanıb: "Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri olub. Dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirilib. Cənab Prezidentin gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə yüksək dəyər verdiyinin təzahürüdür. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, dövlətçilik məfkürəsinə malik gənclər formalaşıb".
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov həmçinin gənclərin 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında və möhtəşəm Zəfərin əldə edilməsində misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərini qeyd edib. Və Gənclər siyasəti ilə bağlı Saatlı rayonunda da zəruri tədbirlərin həyata keçirilməsinin hər zaman diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, Saatlı rayon gənclərinin təhsil, mədəniyyət və idman sahələrində qazandıqları uğurlarına toxunaraq həmin gəncləri bir daha təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb.
Tədbirdə RİH başçısının müavini Mehriban Ağayeva, Mil-Muğan RTİ-nin Saatlı rayonu üzrə Təhsil sektorunun müdiri Günay Sultanova çıxış edərək gəncləri təbrik ediblər. Onlar Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektual aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs ediblər.
Gənclərdən Ayşən Kazımova, Yusif Qasımov, Eltac Əhədov, Xanım İsmayılova və Kəmalə Qədirli çıxış ediblər. Gənclər qazandıqları uğurları tədbir iştirakçıları ilə bölüşərək, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda rayonun ictimai həyatında, təhsil, mədəniyyət və idman sahələrində fərqlənən bir qrup gəncə Saatlı Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.