
Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında “23-İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, aparatın və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak edib. Əvvəlcə Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb. Tədbirdə açılış nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov tədbirdə iştirak edənləri və onların simasında bütün dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, dövlət qulluğunun cəmiyyətin inkişafında, dövlət idarəçiliyinin səmərəliliyində və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətində mühüm rol oynayan bir sahə olduğunu, dövlət qulluqçularının öz bilik və bacarığı ilə dövlətin və xalqın maraqlarını müdafiə etdiyini, vətəndaşlara dürüstlük, şəffaflıq və məsuliyyət prinsipləri əsasında xidmət göstərdiyini qeyd edib.
Daha sonra çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Rövşən Muradov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirəli Məmmədov və Sımada kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Həmzə Əliyev dövlətçiliyimizin möhkəmləndirilməsində, vətəndaşlara xidmətin daha da təkmilləşdirilməsində və idarəetmə sisteminin inkişafında dövlət qulluqçularının böyük rolu olduğunu bildirərək, dövlət qulluğunun yalnız bir peşə deyil, həm də xalqa xidmət missiyası olduğunu, bu məsuliyyətli və şərəfli yolda dövlət qulluqçularının peşəkarlığı, prinsipiallığı və səmimiyyəti ilə dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar.
Sonda bir sıra dövlət qulluqçusu səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri fərmanlarla təltif olunub.