Cəmiyyət

Saatlı rayonunda “Əmək yarmarkası” keçirilib

Saatlı rayonunda “Əmək yarmarkası” keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq Filialı tərəfindən Saatlı şəhərində əmək yarmarkası təşkil olunmuşdur.

Yarmarkada Saatlı rayon İcra Hakimiyyətinin Başçısı Elmir Bağırov, Mil-Muğan Regional Məşğulluq filialının müdiri vəzifəsini müvəqqəti icra edən Elşən Xəlilov, müdir müavini Ruslan Məmmədli və digər rəhbər şəxslər iştirak etmişdilər.

Yarmarkaya 10 müəssisə tərəfindən ümumilikdə 100-ə yaxın boş iş yerləri təqdim edilmişdir. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 400-1180 AZN arasında olub.

Qeyd edək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd Mil-Muğan regionunda məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz və işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.

Yarmarkada iştirak edən vətəndaşlar eyni zamanda Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən Peşə hazırlığı istiqamətində də məlumatlandırılıb.

Yarmarkada 136 işsiz və işaxtaran şəxslər qeydiyyatdan keçərək iştirak etmişdilər. Həmçinin iştirak edən işsiz və işaxtaran şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər yer almışdılar.      

İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.