Azərbaycanda yaşayan Axısxa türkləri "Vətən" İctimai Birliyi tərəfindən Saatlı Gənclər evi sosial xidmət müəssisəsində "Heydər Əliyev İli" ilə əlaqədar "Heydər Əliyev və Axısxa türkləri" mövzusunda tədbir təşkil olundu.
Tədbir iştirakçıları Ulu Öndərin Heydər Əliyev meydanında yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Tədbirin rəsmi hissəsi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Azərbaycanda yaşayan Axısxa türkləri "Vətən" İctimai Birliyinin sədri Xalid Xəlilov, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev, Ələddin Şüküroğlu adına Varxan kənd tam orta məktəbinin direktoru, Rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, Alı Kərimoğlu adına Smada kənd tam orta məktəbinin tarix müəllimi Elxan İzzətov çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmasından, Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmasından, eyni zamanda yaşadıqları faciələrinə görə taleyi xalqımızın taleyinə oxşar olan Axısxa türklərinin keçdiyi çətin, tarixi həyat yollarından və bu yolda Ulu Öndərin onlara göstərdiyi xüsusi diqqət və qayğısından danışdılar.
Daha sonra bədii hissə ilə davam edən tədbirdə Axısxa türk şairləri öz şeirləri, Nəsimikənd tam orta məktəbinin şagirdləri isə hazırladıqları şeir və musiqili kompozisiyaları ilə çıxış etdilər.
Sonda tədbir iştirakçılarının bir qrupu keçirilən tədbirlərdə fəal iştirakına görə Azərbaycanda yaşayan Axısxa türkləri "Vətən" İctimai Birliyi tərəfindən Fəxri Fərmanla və hədiyyələrlə mükafatlandırıldı.