Ümumi

Saatlı rayonunda "Heydər Əliyev və Azərbaycan milli intibah dövrü" və "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" mövzusunda konfrans keçirildi

Saatlı rayonunda

Saatlı rayonunda "Heydər Əliyev və Azərbaycan milli intibah dövrü" və "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları tərəfindən ilk öncə Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra Rayon Gənclər Mərkəzinin akt zalında davam edən tədbirdə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək qonaqları salamlayıb, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan edildiyini və bununla əlaqədar Saatlı rayonunda silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Ulu Öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq qeyd edib ki, istər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu Öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib.

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru, professor Tofiq Cahangirov, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədri Lütvəli Şıxəliyev, Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov və Qıraqlı kənd ümumi orta məktəbinin direktoru Zülfiyyə Əzimova çıxış edərək Ulu Öndərin Azərbaycan elminin, mədəniyyətinin inkişafına, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin qorunmasına, ordu quruculuğu sahəsinə verdiyi töhfələrdən bəhs ediblər.