Saatlı rayon Mədəniyyət Mərkəzində 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı rayon Tədbirlər Planına uyğun olaraq, "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları - akademik Əhliman Əmiraslanov, Əziz Ələkbərli, YAP rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Konfrans iştirakçıları tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin Saatlı şəhər mərkəzində yerləşən abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək, onun unudulmaz xatirəsini ehtiramla yad etmişlər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfranda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət haqqında geniş məlumat verdi.
Daha sonra çıxış edən Milli Məclisin deputatları, akademik Əhliman Əmiraslanov, Əziz Ələkbərli, YAP Saatlı rayon təkilatının sədri Lütvəli Şıxalıyev və digər natiqlər Ulu öndər, müasir Azərbaycanın qurucusu, milli ideologiyanın banisi Heydər Əliyev haqqında xatirələrini bölüşərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasət nəticəsində ərazi bütövlüyümüzün bərpa olunması, dövlət müstəqilliyimizin, ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasını xüsusi vurğuladılar.