“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.6-cı bəndinin icrası ilə əlaqədar, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfıyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı Heydər Əliyev mərkəzində maarifləndirmə tədbiri təşkil edilib.
Tədbirdən əvvəl rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu və rayon üzrə komissiyanın nümayəndələri iştirak ediblər.
Çıxışlarda narkomanlığın qarşısının alınması ilə bağlı görüləcək işlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, həmçinin ictimai maarifləndirmə işinin genişləndirilməsi, eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Eyni zamanda Dövlət Komissiyasının işçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edənlərin müəyyənləşdirilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb.