
Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil edilmişdir.
Tədbir, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin ictimai, hüquqi və ideoloji əhəmiyyətinə geniş şəkildə toxunmuş, ölkəmizin konstitusion inkişaf mərhələləri, hüquqi dövlət quruculuğunda əldə olunmuş nailiyyətlər, suverenliyin müstəqilliyimizin əsasını təşkil etməsi və dövlətin sərbəst qərar vermə imkanının rəmzi kimi xüsusi əhəmiyyət daşıması, milli suverenliyin qorunmasında ümummilli həmrəyliyin rolu barədə, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının dövlətin hüquqi, siyasi və sosial əsaslarını müəyyən edən ali hüquqi sənəd olmaqla yanaşı, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olan normativ hüquqi baza olmağı ilə bağlı dərin və əsaslandırılmış fikirlər səsləndirdi.
Daha sonra Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Saatlı rayon prokuroru Elnur Rüstəmov, Varxan kənd tam orta məktəbinin direktoru və Ziyalılar cəmiyyətinin sədri Lətif Şimşəkov çıxış edərək konstitusiya prinsiplərinin cəmiyyətdə təşviqi, hüquqi biliklərin genişləndirilməsi və vətəndaş məsuliyyətinin artırılmasının hüquqi dövlətin möhkəmləndirilməsində vacib amil kimi qiymətləndirmiş, eyni zamanda Azərbaycan Respublikasının suverenliyinin milli dövlətçiliyin dayanıqlı əsaslarından biri kimi xüsusi strateji önəmə malik olduğunu bildirmişlər.