Ümumi

Saatlı rayonunda polis günü ilə bağlı tədbir keçirilib

Saatlı rayonunda polis günü ilə bağlı tədbir keçirilib

"Saatlı Gənclər evi" sosial xidmət müəssisəsində "2 İyul - Azərbaycan Polisi Günü" münasibətilə tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak edib.

Əvvəlcə Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb.

Rəsmi hissə ilə davam edən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov və rayon Polis şöbəsinin rəisi Hikmət Vəliyev "2 İyul - Azərbaycan Polisi Günü"nün ölkəmizdə hüquq-mühafizə orqanlarında çalışan şəxslərin fədakar əməyinin, cəmiyyətin təhlükəsizliyi və əmin-amanlığı naminə göstərdikləri xidmətlərin yüksək qiymətləndirildiyi əlamətdar bir gün olduğunu bildirərək, bu günün yalnız bir peşə bayramı deyil, eyni zamanda qanunçuluğun, hüquq qaydalarının və ictimai təhlükəsizliyin qorunması yolunda fədakarlıqla çalışan polis əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətin bir nümunəsi olduğunu vurğulayıblar. 1918-ci il iyulun 2-də ilk polis orqanının yaradılması ilə bu peşənin təməlinin qoyulduğunu, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə isə hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da gücləndiyini, polis sistemində uğurlu islahatlar aparıldığını və bu sahənin nüfuzunun artırıldığını qeyd edib və bu əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını təbrik edib, onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayıblar. 

Daha sonra çıxış edən Saatlı rayon prokuroru Adil Vəliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi Qabil Rzayev də bütün polis əməkdaşlarını təbrik edib, dövlətçiliyimizin keşikçisi, sabitliyin və təhlükəsizliyin təminatçısı kimi onlara xidməti fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb, polislərin peşəkarlığı və fədakarlığı sayəsində Azərbyacan vətəndaşlarının özlərini daha təhlükəsiz və güvənli hiss etdiyini bildiriblər. Sonda bir sıra polis əməkdaşı xidməti fəaliyyətində fərqləndiyinə görə rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri fərmanlarla təltif olunub və xatirə şəkli çəkdirilib.