Saatlı rayonunda qanvermə aksiyası keçirilib. Aksiyada sakinlər könüllü olaraq iştirak ediblər və 109 nəfər qan verib.
Aksiya B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının təşkilatçılığı ilə gerçəkləşib. Talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara kömək məqsədi ilə keçirilən aksiya zamanı Saatlı Rayon Mərkəzi Xəstəxanasında sakinlərin rahat şəkildə iştirakı üçün lazımi şərait yaradılıb.
Aksiyada rayon icra hakimiyyətinin, YAP Saatlı rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü iştirak ediblər. Donorlar müvafiq tibbi müayinələrdən keçdikdən sonra aksiyaya cəlb olunublar. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə ediləcək.