Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Saatlı Gənclər Evi Sosial Xidmət Müəssisəsində şəhid anaları və xanımlarının iştirakı ilə "8 Mart Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva Azərbaycan qadınının zəkası, müdrikliyi, yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutmasından danışaraq, qədim və zəngin tariximizdə qadınlarımızın fədakarlığı və qəhrəmanlığını xüsusi vurğulayaraq qəhrəman oğullar yetişdirən şəhid analarını və xanımlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi, onlara xoş arzularını çatdırdı.
Daha sonra tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi qazisi Fərhad Mürsəlov şəhid ailəsi üzvü olan xanımları təbrik edərək bildirdi ki, torpaqlarımızın ərazi bütövlüyünün bərpasında şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları vətənpərvər ruhda yetişdirən, əsl qəhrəman kimi böyüdən analara borcluyuq və məhz bu gün həmin qadınların, anaların günüdür.
Saatlı Uşaq və Ailələlərə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, Saatlı Təhsil sektorunun müdiri Günay Sultanova da şəhid analarını, xanımlarını təbrik edərək, onlara ən xoş arzularını bildirdilər.
Tədbirin sonunda çıxış edən şəhid anası Qabiliyyət Məmmədova şəhid anaları adından rayon İcra Hakimiyyəti başçısına və rayon İcra Hakimiyyəti kollektivinə şəhid ailələrinə göstərdikləri xüsusi diqqət və qayğıya görə öz təşəkkürünü bildirmişdir.