"Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyi tərəfindən Saatlı Gənclər evi sosial xidmət müəssisəsində "Unudulmaz Lider 100" layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm dövlərini əks etdirən toxunma üsulu ilə hazırlanmış foto xalçalardan ibarət sərgi təşkil olunmuşdur.
Sərgidə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, "Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov, İctimai Birliyin baş katibi Aysel Tahirova, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, gənclər və məktəblilər iştirak etdi. Sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm dövlərini əks etdirən toxunma üsulu ilə hazırlanmış 41 ədəd foto xalça sərgiləndi.
Daha sonra rəsmi hissə ilə davam edən tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva, "Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov, Yeni Azərbaycan Partiyası Saatlı Rayon Təşkilatının sədr müavini Elşən Əzizov və rayonun digər idarə, müəssisə, təşkilat rəhbərləri çıxış edərək müasir Azərbaycanın qurucusu, memarı olan Ulu Öndər Heydər Əliyevin şəxsi keyfiyyətlərindən, Vətəninə, xalqına, milli-mənəvi dəyərlərinə - dilinə, mədəniyyətinə olan hüdudsuz sevgisindən, onların qorunması və tərəqqisi uğrunda bütün dönəmlərdə apardığı taleyüklü mücadilələrdən, dövrün sərt qadağalarına baxmayaraq milləti və Vətəni naminə atdığı cəsarətli addımlarından, Azərbaycanın bu günü naminə həyata keçirdiyi misilsiz xidmətlərindən danışdılar.