Saatlı Dövlət Rəsm Qalereyasında Saatlı Rayon İcra Hakimiyyətinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Saatlı Tarix-diyarşünaslıq muzeyinin, Saatlı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Əməkdar mədəniyyət işçisi” Sürəyya Zeynalovanın “Muğanın rəngləri” adlı fərdi rəsm sərgisinin açılış mərasimi keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, rayonun idarə, müəssisə rəhbərləri və əməkdaşları, rayon ziyalıları və gənclər iştirak edib. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı və tədbir iştirakçıları tərəfindən sərgidə nümayiş olunan rəsm əsərlərinə baxış keçirilib, rəsm əsərlərində təsvir olunan dərin məna və məzmunlar barədə Sürəyya Zeynalova tərəfindən izahlar verilib, ardınca Sürəyya Zeynalovanın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Elmir Bağırov Sürəyya Zeynalovanın uzun illər mədəniyyət sahəsində olan xidmətlərindən bəhs edərək istedadlı rəssam kimi çəkdiyi rəsm əsərlərinin unikallığına, zənginliyinə və ideyasına görə, hətta dünyaca məhşur rəssamlarla eyni sırada dayana biləcəyini, əsərlərində daha çox dünyanı sülhə çağırmasını, uzun illər Qarabağ həsrətində olan xalqımızın qələbə sevincini, zəfərini rənglərin dili ilə necə gözəl və özünəməxsus şəkildə təsvir etdiyini vurğulayıb. Həmçinin Sürəyya Zeynalovanın “Muğanlı” təxəllüsü ilə əsərlərini nümayiş etdirməsi və tanıtmasının onun öz torpağına, elinə-obasına olan sevgisinin və bağlılığının təzahürü olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin Sürəyya Zeynalovaya öz rəsm əsərləri ilə rayonumuzu respublika və beynəlxalq səviyyədə tanıtdığı üçün təşəkkürlərini bildirib.
Daha sonra çıxış edən Sürəyya Zeynalova ölkə rəhbərliyinə və rayon icra hakimiyyəti başçısına ona göstərilən diqqətə görə öz minnətdarlığını bildirib, cənab Prezident İlham Əliyev tərəfindən “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunmasının, dövlətimizin dəstəyi ilə bir çox ölkələrdə əsərlərinin sərgilənməsinin, eyni zamanda rayon rəhbərliyi tərəfindən hər zaman diqqətdə saxlanılmasının onu daha da ruhlandırdığını qeyd edib.
Tədbirin sonunda Sürəyya Zeynalova rayon icra hakimiyyətinin başçısı və Saatlı Rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmanlarla təltif olunub. Sərgidə Sürəyya Zeynalovanın siyasi, mifoloji və surrealizm mövzularında çəkdiyi 20 ədəd yeni rəsm əsəri nümayiş olunub.