Saatlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri, ziyalılar, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilərək abidəsi önünə gül dəstələri düzülmüşdür.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətin, incəsənətin, təhsilin inkişafı, gənclərin vətənpərvərlik ruhunda formalaşdırılması və cəmiyyət həyatının bütün sahələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs etmiş, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Daha sonra çıxış edən Saatlı Rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Saatlı Rayon Ziyalılar Cəmiyyətinin üzvü Lütvəli Şıxəliyev, Saatlı rayon Orta Muğan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Leyla Rəcəbova və “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Sahil Hüseynzadə Ulu Öndər Heydər Əliyevin kənd təsərrüfatı, iqtisadiyyat, elm və digər sahələrin inkişafı istiqamətində həyata keçirdiyi mühüm xidmətlərdən və zəngin dövlətçilik irsindən bəhs etmişlər.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur.