Saatlı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidəsini ziyarət edərək önünə tər - gül dəstələri düzdülər. Daha sonra rayon icra hakimiyyətinin inzibati binasında rəsmi hissə ilə davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Ulu Öndər Heydər Əliyevin ölkəmizin dövlətçilik tarixində müstəsna rolunu, uzun illər həyata keçirdiyi məqsədyönlü və dövlətçilik məfkurəsinə söykənən fəaliyyətinin müasir Azərbaycanın formalaşması, sabitliyin təmin olunması və dinamik inkişafın əsasını təşkil etdiyini, eyni zamanda Heydər Əliyevin ölkənin maraqlarına xidmət edən siyasi kursunun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirildiyini və ölkəmizin əldə etdiyi bütün uğurların bu uzaqgörən siyasətin real nəticələri olduğunu bildirmiş və Ulu Öndərin zəngin irsinin gələcək nəsillər üçün etibarlı yol xəritəsi olduğunu, Heydər Əliyev ideyalarının isə bu gün də Azərbaycanın tərəqqisinə xidmət etdiyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, rayon Ziyalılar cəmiyyətinin sədri Lətif Şimşəkov və rayon ziyalısı Balayar Səməndərov Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, aqrar sahə və digər istiqamətlərin inkişafı naminə həyata keçirdiyi böyük miqyaslı işlərindən söhbət açıb, onun siyasi kursunun cənab İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıblar. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Azərbaycan naminə” filmi nümayiş etdirilib.
Rəsmi hissə başa çatdıqdan sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehsan süfrəsi təşkil olunub.