Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunmuşdur. Sözügedən Sərəncam əsasında təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün respublikada olduğu kimi Saatlı rayonunda da silsilə tədbirlər həyata keçirilir.
Belə ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, peşə təmayüllü siniflərin, könüllü gənclərin iştirakı ilə 20 aprel 2024-cü il tarixdə ümumrayon iməcliyi keçirilmiş, yaşıllıqların çoxaldılması məqsədilə müxtəlif yerlərdə yeni ağac tingləri əkilmiş, ətraf mühitin qorunması məqsədilə istirahət parkları, prospekt və küçələr, qəbristanlıqlar, eyni zamanda Araz çayının rayon ərazisindən keçən hissəsində sahil boyu əraziləri məişət tullantılarından, alaq otlarından təmizlənmiş, əhalinin sağlamlığının qorunması, sanitar-epidemioloji təhlükəsizliyin təmin olunması məqsədilə bəzi yerlərdə dezinfeksiya işləri aparılmışdır.
Keçirilən iməcliklər və ağacəkmə aksiyaları ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamına bir töhfə olmuşdur. Mövsüm ərzində Saatlı rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.