Saatlı Rayon İcra Hakimiyyəti, YAP Saatlı rayon təşkilatı və Saatlı rayon Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər Günü”nə həsr olunmuş “Şah və Mat” şahmat yarışı keçirilib.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva gənclərin təşəbbüskar və məsuliyyətli olmalarının vacibliyini vurğulayaraq belə tədbirlərin gənclərə yalnız intellektual bacarıqlarını artırmaqla kifayətlənmədiyini, onların strateji düşünmə və düzgün qərar vermə qabiliyyətlərini də gücləndirdiyini, eyni zamanda belə layihələrin gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqda böyük rol oynadığını diqqətə çatdıraraq gələcək yarışlarda uğurlar arzuladı.
Daha sonra YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov çıxış edərək gənclərin intellektual inkişafı və vətənpərvərlik ruhunda tərbiyə olunmasının əhəmiyyətini vurğulayaraq bu cür tədbirlərin gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqda və onların milli ruhda formalaşmasında əvəzsiz rol oynadığını qeyd edib.
Yarış qaydalarını iştirakçılara Saatlı rayon UGİŞM-nin direktoru Nurəliyev Abdulla izah etdikdən sonra rayon icra hakimiyyəti başçısının müavini Mehriban Ağayeva oyun masalarından birinə yaxınlaşaraq ilk fiquru hərəkət etdirib və oyuna start verib.
Tədbir gənclərin strateji düşüncə bacarıqlarının və vətənpərvərlik ruhunun inkişafına töhfə verən maraqlı və əlamətdar hadisə kimi yadda qalıb.