Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə vəsaiti və Azərbaycan Hökumətinin dəstəyi ilə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Saatlı rayonunun Hacıqasımlı kəndində yem emalı məntəqəsi istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölməsinin, USAİD-in, SEDA proqramının, Saatlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər tərəfdaşlar iştirak ediblər.
SEDA proqramının regional direktoru Əhməd Məmmədzadə “Yem emalı məntəqəsinin tikintisi” layihəsinin USAİD və Azərbaycan Hökumətinin birgə maliyyə dəstəyi, yerli bələdiyyə və icma üzvlərinin töhfəsi ilə yerinə yetirildiyini, bu layihədən Hacıqasımlı icmasında və qonşu 4 icmada yaşayan təxminən 928 ailə olmaqla, 5 min nəfərdən artıq vətəndaşın faydalanacağını qeyd edib.
İqtisadiyyat Nazirliyinin Aran Regional bölməsinin nümayəndəsi Ziyafər İsmayılov isə icmanın ümumi mülkiyyətində olan əkinəyararlı torpaq sahəsində müxtəlif yem bitkiləri, tərəvəz, dənli bitkilərin becərildiyini, bu baxımdan ərazidə maldarlıq, quşçuluq və toxumçuluğun inkişafı üçün yem emalı məntəqəsinin də mühüm əhəmiyyət daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, məntəqənin fəaliyyəti Saatlı rayonunun fermerlərinin, fərdi təsərrüfat rəhbərlərinin şəxsi gəlirlərinin artmasına, təsərrüfatlarının daha da genişləndirilməsinə imkanlar yaradacaq.
USAİD-in nümayəndəsi xanım Dulse Canis Mak Qvayer ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyini, yeni yaradılan yem emalı müəssisi kimi, gələcəkdə birgə əməkdaşlıq çərçivəsində digər infrastruktur layihələrinin də həyata keçiriləcəyinə ümidvar olduğunu deyib.
Saatlı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Həsənov, Hacıqasımlı-Kamallı bələdiyyəsinin sədri Amil Teymurov, Hacıqasımlı İcma İnkişaf Şurasının üzvü Mahmud Nəsirov yeni yem emalı müəssisənin yaradılması ilə bağlı layihənin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildirərək, layihənin kənd sakinlərinin məşğulluqlarının təmin edilməsinə, fərdi təsərrüfatlarının genişləndirilməsinə töhfə olduğunu bildiriblər.