Ümumi

Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolu yenidən qurulur

Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolu yenidən qurulur

Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezidentin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq təmir-tikinti işlərinə başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, uzunluğu 3 kilometr olan Məmmədabad–Genişkənd avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.

Məlumata əsasən, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunda texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, yol yatağı və yol əsası inşası aparılıb. Sözügedən işlər çərçivəsində zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib.

Layihə əsasında yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə suötürücü boruların quraşdırılması işləri görülüb.

Sözügedən işlərə paralel olaraq qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri yekunlaşan ərazidə artıq asfaltlanma işlərinə də başlanılıb. Hazırda yola ikiqat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyün döşənməsi işləri icra olunur.

Görülən işlər tam başa çatdıqdan sonra zəruri yerlərdə yol nişanları və dayanacaqlar quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla yol müasir görkəmdə istifadəyə veriləcək.