Ümumi

Saatlı sahibkarları ilə onlayn görüş təşkil olunub

Saatlı sahibkarları ilə onlayn görüş təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Saatlı rayonunda pambıq istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə sahəvi biznes assosiasiyalar arasında görüş təşkil edilib.

KOBİA-dan bildirilib ki, onlayn formatda keçirilmiş görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, Saatlı Rayon İcra Hakimiyyətinin və bələdiyyələrin, Sahibkarlığın İnkişafı Fondunun, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının nümayəndələri və Saatlı rayonunda pambıq istehsalı ilə məşğul olan 20 sahibkarlıq subyekti iştirak edib. Tədbirdə pambıq bitkisinin gövdəsindən mebel sənayesində xammal kimi istifadə olunmasına və yarımfabrikat lövhələrin hazırlanmasına dair müzakirələr aparılıb, müxtəlif fikirlər və təkliflər səsləndirilib, bu sahədə dəqiq araşdırma aparılmasının zəruriliyi vurğulanıb. Həmçinin sahibkarlıq subyektləri tərəfindən lifsiz pambıq toxumunun emalı üzrə və pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən yağ məhsullarının hazırlanması sahəsində müəssisələrin yaradılmasına dair təkliflər diqqətə çatdırılıb. Qeyd edilib ki, bu müəssisələrin yaradılması üçün araşdırma aparılmalı, məhsulların iqtisadi səmərəliliyi və rəqabətədavamlılığı qiymətləndirilməlidir.

Tədbirdə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sahibkarların sualları cavablandırılıb, ötən ilin yanvar-mart ayları ərzində KOBİA tərəfindən Saatlı rayonunun sahibkarları üçün daxili bazara araşdırmasına dair, eləcə də müxtəlif maarifləndirici və məlumatlandırıcı tədbirlərin təşkil olunacağı bildirilib.