Cəmiyyət

Saatlı sakinlərinin qaz təchizatında dair problemləri qeydə alınıb

Saatlı sakinlərinin qaz təchizatında dair problemləri qeydə alınıb

“Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası bu həftəlik işini Saatlı rayonunda yekunlaşdırıb.

İB-dən bildirilib ki, “Səyyar qəbul otağı”nda ümumilikdə 12 müraciət dinlənilib. Mikrofon önündə çıxış edən abonentlər fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsini xahiş ediblər.

Görüşdə səsləndirilən digər müraciətlər isə Nərimankənd, Dəlilər, Mircəlalkənd və Hacıqasımlı kəndlərinin qazlaşdırılmasından ibarət olub. Bundan başqa bəzi sakinlər fərdi yaşayış evlərinin qazlaşdırılması və sayğac ilə təmin edilməsi barədə köməklik göstərilməsini istəyiblər.

Vətəndaşlara məlumat verilib ki, “Azəriqaz”ın daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti ilə, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin ödənişsiz qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.