Sabirabad Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsindəki Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbi binasının təmirdən sonra açılışı olub və yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq tədbir təşkil edilib.
Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə iştirak edərək yeni tədris ilində məktəbin müəllim və şagird heyətinə uğurlar arzulayıblar.
Daha sonra qonaqlar sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə, həmçinin məktəbdə aparılan tədris prosesi ilə tanış olub, şagirdlərin ifasında müxtəlif musiqi nümunələri dinləyiblər.
Sonda 44 günlük Vətən müharibəsində Saatlı rayonundan şəhid olan qəhrəmanların məktəbdə yaradılmış guşəsi qarşısında şagirdlər kompozisiya ilə çıxış ediblər.