Ümumi

Saatlı şəhəri yeni Baş plan əsasında inkişaf etdiriləcək

Saatlı şəhəri yeni Baş plan əsasında inkişaf etdiriləcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Saatlı şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin cari ilin martın 29-u tarixli müvafiq qərarı ilə təsdiq edilib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, Saatlı şəhərinin sayca üçüncü Baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. 2038-ci ilə qədər olan dövr üçün nəzərdə tutulan yeni sənəddə şəhər ərazisinin kompleks qiymətləndirilməsi və şəhərsalma təhlili nəticəsində gələcək inkişaf istiqamətləri müəyyən edilib.

Baş plana əsasən hesabat müddətinin sonuna qədər şəhər əhalisinin 34,9 faiz artaraq 26 min 500 nəfərə çatması gözlənilir. Əhalinin sayının artımı nəzərə alınaraq sakinlərin təhsil, səhiyyə, idman və digər ictimai tələbatlarına əsasən yeni məktəb və bağçaların, tibb, mədəniyyət və digər sosial obyektlərin yaradılması təklif edilir. Həmçinin istismar müddətini başa vurmuş mənzil fondunun yenilənməsi, adambaşına düşən ümumi yaşayış sahəsinin 22,5 kvadratmetrdən 25 kvadratmetrədək artırılması nəzərdə tutulur. Şəhərin perspektiv iqtisadi inkişafı və əhalinin məşğulluğunu təmin etmək üçün sənaye ərazilərinin artırılması, yeni istehsalat zonasının formalaşdırılması planlaşdırılır.

Sənəddə şəhərin əsas infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi də prioritet olaraq seçilib. Belə ki, əlverişli, rahat, sürətli və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi üçün vahid sistemin formalaşdırılması, magistral küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 10,76 kilometrdən 17,91 kilometrə çatdırılması nəzərdə tutulur. Həmçinin əhalinin və qonaqların istirahəti, eləcə də iqlim şəraiti əsas götürülərək rekreasiya ərazisinin yaradılması, mövsümi istirahət üçün məkanların, məktəbli istirahət zonalarının təşkili edilməsi təklif olunur.