“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Milli Onkologiya Mərkəzi (MOM) və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə Saatlı və İmişli rayonlarında onkoloji müayinə aksiyaları keçirilib.
Müayinələr Saatlı rayonunun Fətəli, İmişli rayonunun Qızılkənd kəndində müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin qeyd edilən rayonların mərkəzi xəstəxanalarında təşkil olunub.
Şişönü, şiş xəstəliklərinin erkən aşkarlanması və vaxtında dəqiq müayinə, eləcə də müalicəsinin aparılması məqsədilə keçirilən aksiyalardan, ümumilikdə 700-dən çox vətəndaş yararlanıb.
Milli Onkologiya Mərkəzinin peşəkar həkim heyəti tərəfindən ultrasəs, rentgen, ginekoloji, mamoqrafiya, baş-boyun sahələri üzrə aparılan profilaktik onkoloji müayinələrin nəticələrindən asılı olaraq xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Mərkəzə dəvət edilib, digər patologiya aşkar edilən xəstələr isə müvafiq profilli xəstəxanalara yönləndiriliblər.
RİİB könüllüləri vətəndaşların müayinələrə cəlb edilməsi və digər təşkilati işlərə dəstək olublar.
Qeyd edək ki, aksiyanın digər regionlarda da keçirilməsi nəzərdə tutulur.