Cəmiyyət

Saatlıda "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş tədbir keçirilib

Saatlıda

Saatlı rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların birgə təşkilatçılığı ilə "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, eyni zamanda qazi və şəhid övladları, rayon sakini olan uşaqlar iştirak ediblər. Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb, Mədəniyyət Mərkəzində uşaqların əl işlərindən ibarət sərginin keçirilməsi ilə davam etdirilib.

Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət himni və vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin 1dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elşən Əzizov, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayon üzrə təhsil sektorunun müdiri Günay Soltanova çıxış edərək uşaqları "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibəti ilə təbrik ediblər, onlara xoş arzularını bildiriblər.

Daha sonra şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub. Rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir sıra təşkilatlar və uşaqlar Fəxri Fərmanlarla təltif olunublar. Tədbirin bədii hissəsi bir-birindən maraqlı, rəngarəng rəqs və musiqi nömrələri, klounların şən zarafatları ilə davam etdirilib. Sonda uşaqlarla birlikdə xatirə şəkili çəkdirilib.