Saatlıda baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 3 ton 202 kiloqram barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını 6 tona çatdırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayonda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 4 ildə ayrı-ayrı yaşayış məntəqələrində 94 min ədəd tut tingi əkilib, ipəkqurdu bəslənməsi üçün yeni tikililər inşa olunaraq ipəkçilərin ixtiyarına verilir və digər işlər görülür. Həyata keçirilən tədbirlər isə rayonda barama istehsalının ilbəil artmasına səbəb olur. Ötən il rayonda 52 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 3 ton 202 kiloqram məhsul istehsal olunub. İstehsal olunan baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Bu məqsədlə barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir. Bu isə ipəkqurdu bəsləmək istəyən sakinlərin sayının getdikcə artmasına səbəb olur. Artıq rayonda ipəkqrudu bəsləmək istəyən 102–dən çox ailə qeydə alınıb və bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, aprel ayından etibarən barama istehsal etmək istəyən ailələrə ipəkqurdu toxumunun paylanmasına başlanılacaq.