Saatlı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon Təhsil şöbəsi və “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonu Orta Muğan kənd tam orta məktəbində “Erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edənlər hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də erkən nikahın doğurduğu fəsadların və cəmiyyətə vurduğu ziyanın mühüm və aktual problemlərdən biri olaraq qaldığını bildiriblər.
Vurğulanıb ki, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Diqqətə çatdırılıb ki, erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır. Erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkili, yeniyetmə və gənclərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, onlara milli və mənəvi dəyərlərin aşılanmasının böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.