Cəmiyyət

Saatlıda erkən nikahla bağlı maarifləndirici tədbir keçirilib

Saatlıda erkən nikahla bağlı maarifləndirici tədbir keçirilib

Saatlı rayonunda “Erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair qanunvericilik tələblərinin izahı” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Saatlı Rayon İcra Hakimiyyətinin, rayon prokurorluğunun və Saatlı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Saatlı rayon prokuroru Elnur Rüstəmov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, Saatlı rayonu üzrə təhsil sektorunun müdiri Günay Sultanova, həmçinin məktəblilər iştirak ediblər. Tədbirin əsas məqsədi erkən nikahla bağlı qanunvericiliyin tələblərinin izah edilməsi, yetkinlik yaşına çatmayanların hüquq və qanuni mənafelərinin qorunması, erkən nikah hallarının hüquqi nəticələri barədə məktəblilərin məlumatlandırılması və bu istiqamətdə maarifləndirmənin gücləndirilməsi olub.

Tədbirdə ilk öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən rayon prokuroru Elnur Rüstəmov erkən nikahla bağlı qanunvericiliyin tələblərini izah edərək, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, nikah münasibətlərinin hüquqi əsasları və qanunvericilikdə nəzərdə tutulan məsuliyyət barədə məlumat verib. O, erkən nikah hallarının vaxtında müəyyən edilməsinin və belə halların qarşısının alınması üçün qanunvericiliyə uyğun tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva uşaqların hüquq və qanuni mənafelərinin qorunmasının vacibliyindən danışaraq, erkən nikahın yeniyetmələrin təhsilinə, sosial inkişafına və gələcək həyatına təsirləri barədə fikirlərini bölüşüb. Erkən nikahın qarşısının alınmasında ailə və dövlət qurumlarının qarşılıqlı əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Təhsil sektorunun müdiri Günay Sultanova erkən nikahın təhsilə mənfi təsirlərinə toxunaraq, məktəblilərin təhsildən yayınmasının qarşısının alınması, onların hüquqi maarifləndirilməsi və erkən nikahla bağlı risklər barədə məlumatlılığının artırılmasının əhəmiyyətini qeyd edib.

Sonda məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb, iştirakçılarla fikir mübadiləsi aparılıb və erkən nikahla bağlı maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.