Kənd təsərrüfatı

Saatlıda ət və süd məhsullarının istehsalında artım qeydə alınıb

Saatlıda ət və süd məhsullarının istehsalında artım qeydə alınıb

Saatlıda kənd təsərrüfatının aparıcı sahələrindən olan maldarlıqda uğurlu nəticələr qazanılıb. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, ət və süd məhsulları istehsalında artım qeydə alınıb.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2022-ci ilin birinci rübündə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 67821 baş, o cümlədən ana inək və camışların sayı 32399 baş, qoyun və keçilərin sayı 115175 baş olub. İribuynuzlu mal-qaranın tərkibində ana inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 42 baş artıb.

Heyvandarlıq sahəsində iri müəssisələr üzrə 23 kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir ki, onlardan biri dövlət müəssisəsidir. Kəndli-fermer təsərrüfatları və dövlət kənd təsərrüfatı müəssisəsi üzrə 2022-ci ilin birinci rübündə 797 baş iribuynuzlu mal-qara, o cümlədən 360 baş ana inək və camış, 9696 baş qoyun və keçi olub. 2022-ci ilin yanvar-mart ayları ərzində rayon üzrə ət istehsalı (diri çəkidə) 1680,8 ton, süd istehsalı 8550,1 ton, yumurta istehsalı 3 milyon 771 min ədəd olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 ton çox ət, 2,1 ton çox süd, 32 min ədəd çox yumurta istehsal edilib.