Ümumi

Saatlıda “Foto Akademiya” layihəsində iştirak edən gənclərə sertifikatlar verilib

Saatlıda “Foto Akademiya” layihəsində iştirak edən gənclərə sertifikatlar verilib

Saatlı rayonunda Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır-2022” qrant müsabiqəsinin qalib layihələrindən olan “Foto Akademiya” layihəsi yekunlaşıb.

Layihədə rayonun aktiv gəncləri və fotoqrafiya sahəsinə marağı olan 15 gənc iştirak edib. 2022-ci il noyabrın 15-də start verilən layihə altı ay davam edib.

Layihə rəhbəri, gənc fotoqraf və təlimçi kimi fəaliyyət göstərən Ramil Süleymanovun sözlərinə görə, məqsəd rayonda istedadlı gəncləri bir araya toplamaq, özünü inkişaf etdirmək istəyən, işsiz və həvəskar gənclərdən ibarət komanda formalaşdırmaqdır. Bu məqsədlə layihənin icra müddətində iştirakçı gənclərlə həm də, istedadlı gənclərin inkişafı istiqamətində ardıcıl iş aparılıb, regionda aktiv gənc və istedadlı gənclərə fotoqrafiyanın sirlərinə yiyələnməsi üçün şərait yaradılıb. Fotoqrafiyanı öyrənmək istəyən 15 gənc foto, video, fotoşop kurslarına cəlb olunub. Həftədə 2 dəfə keçirilən təlimlərdə təlimçi Gülağa Hüseynli, Aslan Muxtasimov tərəfindən gənclərin bacarıqlarının inkişafına şərait yaradılıb və layihə iştirakçılarına sertifikatlar təqdim edilib.