Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.
Rayon statistika idarəsindən bildiriblər ki, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 765 baş iribuynuzlu mal-qara, 115 min 608 baş qoyun-keçi saxlanılır. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Cari ilin ilk ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 637.7 ton ət (diri çəkidə), 3 min 14.8 ton süd, 1 milyon 328 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin yanvar ayında istehsal olunan ətdən 0.5 ton, süddən 0.9 ton, yumurtadan isə 8 min ədəd çoxdur.