Saatlı rayonunda yerləşən və innovativ üsulla becərilən badam bağında məhsul yığımı davam edir. Qırx hektarlıq sahəni əhatə edən bağdan 7 tona yaxın məhsul gözlənilir.
Badam bağı Saatlı rayonu ərazisində dövlət dəstəyi ilə ərsəyə gələn “İD Aqropark” MMC-nin sahəsində salınıb.
Əkinçilik və bağçılıq üzrə ixtisaslaşan aqropark ərazisində birillik və çoxillik kənd təsərrüfatı məhsulları becərilir ki, bunlardan biri də badam bağıdır. Aqronom Bikə Qurbanova bildirib ki, aqropark 2017-ci ildə yaradılıb. Bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir. Burada digər bitkilərlə bərabər badam bağı da salınıb. Badam ağacları 5 il öncə ilkin mərhələdə 5 hektar sahədə sınaq məqsədilə əkilib. Göstəricilər müsbət olduğu üçün sonrakı illərdə artırılaraq bağın sahəsi 40 hektara çatdırılıb.
Bağ innovativ üsulla, yəni damcı suvarma ilə becərilir. Artıq badam ağaclarından məhsul yığılır. Bağda Türkiyədən və İspaniyadan gətirilən, dadı və məhsuldarlığı ilə seçilən badam sortları əkilib. Bu mövsüm 5-7 ton arası badam tədarükü nəzərdə tutulur. Bikə Qurbanova qeyd edib ki, ağaclar 5-ci yaş dövründə olduğu üçün məhsuldarlıq ilkin nəticə kimi qiymətləndirilir. Növbəti illərdə bağdan daha çox məhsul tədarük edilməsi planlaşdırılır. Yığılan badam hələ ki, yerli bazara çıxarılır. Gələcək illərdə istehsal artan zaman xaricə də məhsul satışı olacaq.
Qeyd edək ki, “İD-Aqropark” MMC-nin ümumi əkinəyararlı 6920 hektar sahəsi var. Burada arpa, buğda, silos qarğıdalı, darı, pambıq, yonca əkilib becərilir. Bundan başqa, aqroparkda badam nar, zeytun, həmçinin sınaq məqsədi ilə quru meyvəlik üçün şaftalı, ərik, 3 növ gavalı bağı salınıb. Aqroparkın 60 hektarı pivot suvarma, 570 hektarı isə damcı suvarma sistemi ilə suvarılır.
İndiyədək 21,7 milyon manat investisiya yatırılan “İD-Aqropark” MMC-də 157 nəfər daimi, 300 nəfər isə mövsümi işlə təmin edilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilən aqroparkda 21 ədəd texnika və 50-dən çox aqreqat mövcuddur.