Saatlı rayonunda ilk dəfə olaraq müəllim və valideynlər birlikdə komanda təşkil etməklə intellektual yarışda iştirak ediblər. Yarışda on iki komanda mübarizə aparıb.
Rayon təhsil şöbəsinin əməkdaşı Mikayıl Rüstəmov bildirib ki, valideynlərin təhsildə rolunu artırmaq, intellektual valideynlərin öz savadı ilə şagirdlərə nümunə olmaq imkanı yaratmaqla yanaşı, onların təhsil mühitinə daha da yaxın olması, şagird, müəllim və valideyn üçbucağını möhkəmləndirmək məqsədi ilə “İntellektual valideyn” adlı yarışa start verilib. Şəffaflığı təmin etmək məqsədilə yarışa təqdim olunan suallar “Xəmsə” Milli İntellektual Oyununun təşkilatçıları tərəfindən tərtib olunub. Hər komandanı iki müəllim, valideyn təmsil edib. Gərgin və maraqlı keçən yarışda birinci yeri M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbin, ikinci yeri C.Cabbarlı adına 3 nömrəli tam orta məktəbin, üçüncü yeri isə Qazanbatan kənd ümumi orta məktəbin komandaları qazanıb.
Qaliblər rayon təhsil şöbəsi tərəfindən kubok və medallarla təltif olunub.