Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir. Budəfəki sərgi-satış yarmarkası Saatlı rayonunda təşkil olunub. Sərgi-satış yarmarkasında 20-dən çox yerli sort taxıl nümayiş etdirilib.
Yarmarkaya Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumlarının, Aqrar Kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin, Aqrar Sığorta Fondunun, Azərbaycan Toxumçular Assosiasiyasının nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər qatılıblar.
Sərgi-satış yarmarkasında iştirak edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, respublikamızın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkaları toxumçuluğun daha da inkişafına xidmət edir. Bundan əvvəl Şamaxı, Şəki və Ağcabədidə keçirilən yarmarkalara fermerlər böyük maraq göstəriblər. Toxum sərgi-satış yarmarkalarının keçirilməsi fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir.
Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov jurnalistlərə açıqlamasında söyləyib ki, payız əkin kampaniyası öncəsi toxuma tələbat artdığı üçün Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə regionlarda sərgi-satış yarmarkaları keçirilir. Bu sərgilər Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə gerçəkləşir. Sərgi təşkil edilən bölgələr əsasən taxılçılığın daha çox inkişaf etdiyi rayonlardır. Dördüncü yarmarka Saatlıda təşkil olunur. Payız əkini kampaniyası öncəsi keçirilən bu sərgilərlə yerli toxumların fermerlərə tanıdılmasını və əlçatanlığını təmin etmək istəyirik. Əsas məqsəd yerli sortları tətbiq etməklə taxılçılıqda yüksək məhsuldarlığa nail olmaqdır.
Sərgidə iştirak edən toxumçuluqla məşğul olan sahibkarlar da bu kimi tədbirləri müsbət dəyərləndiriblər. Toxumçu sahibkar İqbal Əliyev qeyd edib ki, nümayiş etdirilən yerli sortlar həm iqlim şəraitinə uyğundur, həm də məhsuldardır.
Digər sahibkar Adil Adilov da uzun illərdir toxumçuluqla məşğuldur. O, belə yarmarkaların əhəmiyyətli olduğunu bildirib. Sərgidə 4 sort toxum nümayiş etdirən sahibkar deyib ki, onlardan ikisi buğda, ikisi isə arpadır. Nəticələr barədə danışan Adil Adilovun sözlərinə görə, bu il həmin yerli sortlar hesabına arpa sahələrindən 43-45 sentner, buğda zəmilərindən isə 45-48 sentner məhsul yığa bilib.
Qeyd edək ki, Saatlıda keçirilən toxum sərgi-satış yarmarkasında Saatlı, Sabirabad, Hacıqabul və digər rayonlarda toxumçuluqla məşğul olan 30-dan çox təsərrüfatda yetişdirilən toxum sortları nümayiş olunub. Gün ərzində yarmarkaya taxılçılıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olan 300-dək fermer qatılıb.
Növbəti toxum sərgi-satış yarmarkası sentyabrın 10-da Cəlilabadda keçiriləcək.