Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Saatlıda qızlar arasında şahmat turniri keçirilib.
Turnirin məqsədi qızlar arasında intellektual oyunlara marağın daha geniş şəkildə təşviq edilməsi və kütləvi hal alması, bu idman növündə onların fəal iştirakına nail olunmasıdır.
Turnirin bağlanış mərasimində çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycanda şahmatın inkişafından, dövlətin bu sahəyə qayğısından danışıb. O, Saatlı rayonunda belə bir turnirin keçirilməsinin əhəmiyyətini qeyd edərək iştirakçılara yeni nailiyyətlər arzulayıb.
Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva çıxış edərək 200-dən artıq şahmatçı qızın turnirdə iştirakının çox qürurverici hal olduğunu qeyd edib. Turnirin qızlar arasında intellektual oyuna marağın təşviqində, onlarda analitik düşünmə qabiliyyətinin formalaşdırılmasında rolunu vurğulayan A.Sofiyeva regionlarda mütəmadi olaraq belə tədbirlər keçirməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova şahmatçı qızları təbrik edib. Federasiyanın qadın şahmatının inkişafına böyük önəm verdiyini vurğulayan Z.Məmmədyarova turnirin önəmini qeyd edərək gələcəkdə də belə bir tədbirlərin keçiriləcəyini bildirib.
Turnir zamanı Aynur Sofiyeva şahmat taxtası arxasına keçərək qızlarla şahmat oynayıb və onlara öz tövsiyələrini verib.
Yekunda qaliblər medal, diplom, hədiyyələrlə mükafatlandırılıb. Hər bir iştirakçıya sertifikat və şahmat hədiyyə edilib.