Saatlıda “Mədəni kənd - mədəni mühit” layihəsi çərçivəsində keçirilən tədbirlər davam etdirilir. Növbəti belə tədbir rayonun Sımada kəndində gerçəkləşib.
Saatlı rayonunun ucqar kəndlərindən olan Sımadada təşkil olunan tədbirdə rayon Tarix-Diyarşünaslıq Muzeyində fəaliyyət göstərən “Sənətkarlar birliyi”nin üzvü, respublika üzrə keçirilən rəsm sərgilərində gənc rəssam olaraq fəal iştirak edən Məhəmməd Bədəlovun rəsm əsərləri nümayiş etdirilib. Özünəməxsus yaradıcılıq qabiliyyəti olan Məhəmməd Bədəlovun rəsm əsərləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
“Mədəni kənd - mədəni mühit” layihəsi çərçivəsində keçirilən tədbirlər yeni-yeni istedadların tanıdılmasında müstəsna rol oynayır. Kənd yerlərində mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, kəndlərdə yaradıcı gənclərin aşkar olunması və tanıdılması layihənin əsas məqsədlərindən biridir. Məhəmməd Bədəlov məhz belə gənclərdən biridir. O, klassiklərimizdən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin əsərlərini mütəmadi mütaliə edir, yağlı boya ilə kətan üzərində yaratdığı rəsm əsərlərində keçmişlə bu günümüz arasında sintez qurmağa çalışır.
Tədbirdə iştirak edən Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Məhəmməd Bədəlovu fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırıb.
Kənd əhalisində ədəbi-mədəni irsimizə marağın artırılması baxımından belə tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.