Elm və təhsil

Saatlıda məktəblilərin iştirakı ilə “İnsan hüquqlarının müdafiəsində sülhün rolu” adlı tədbir keçirilib

Saatlıda məktəblilərin iştirakı ilə “İnsan hüquqlarının müdafiəsində sülhün rolu” adlı tədbir keçirilib

Saatlı rayon Bülbül adına Uşaq Musiqi Məktəbində “İnsan hüquqlarının müdafiəsində sülhün rolu” mövzusunda tədbir keçirilib. Toplantıda mədəniyyət işçiləri, Bülbül adına Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Çıxış edənlər insan hüquqlarından və insan hüquqlarının səmərəli təminatında sülhün vacibliyindən danışıblar. Qeyd olunub ki, insanların bərabərhüquqlu yaşamasının ali dəyərlərindən biri ədalətli sülhün olmasıdır. Prezidentin 2011-ci il 27 dekabr tarixində imzaladığı Sərəncamda təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu bəndində “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” ilə bağlı ətraflı müzakirələr aparılıb.

Tədbirdə insan hüquqları mövzusunda məktəbin şagirdlərinin çəkdiyi rəsmlərin təqdimatı olub.

Sonda 2021-ci ildə məktəbdə keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində aktivlik nümayiş etdirən müəllimlərə fəxri fərmanlar təqdim olunub.