Saatlı rayonunda “Zəfərin mübarək, Vətən!” devizi altında tədbir keçirilib. Tədbir Saatlı Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Saatlı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi, polkovnik Rövşən Məmmədov, şəhid ailələri, qazi və veteranlar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi, polkovnik Rövşən Məmmədov çıxış edərək Vətən müharibəsində düşmənə vurulan ağır zərbədən, Zəfər Gününün əhəmiyyətindən danışıblar.
Şəhid valideyni Qabil Nəciyev, Vətən müharibəsi iştirakçısı Vüqar Nərimanov, Nərimanov kənd tam orta məktəbin hərbi rəhbəri, qazi Elvin Abbasov çıxışlarında dövlətin diqqət və qayğısından razılıqlarını bildiriblər.
Sonra Varxan kənd tam orta məktəbin şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirin yekununda Vətən müharibəsi iştirakçılarının təltif olunduğu medallar təqdim edilib.